1 il bundan öncə məlumat ortaya çıxmışdı ki, MediaTek şirkəti kompüterlər üçün nəzərdə tutulmuş yeni prosessorun hazırlanmasında NVIDIA ilə əməkdaşlığa başlayıb. Həmin vaxtda bu iki şirkətin birgə hazırladığı desktop prosessor barəsində ətraflı məlumat yox idi. İndi isə bu mövzu barəsində yeni məlumatlar ortaya çıxıb. Beləliklə ortaya çıxmış yeni məlumatlara əsasən MediaTek və NVIDIA-nın birgə hazırladıqları desktop prosessor personal kompüterlər üçün nəzərdə tutulacaq.
O, Qualcomm-un keçən il təqdim etmiş olduğu Snapdragon X Elite desktop prosessoru ilə rəqabət aparacaq. Hazırlanan prosessorun texniki imkanları barəsində ətraflı məlumat verilməsə də qeyd edilib ki, o, TSMC şirkətinin 3 nanometrlik texnoloji prosesi əsasında istehsal ediləcək. Üstəlik prosessorda əsas diqqət süni zəka funksiyalarına ayrılacaq. Onun bu ilin dördüncü rübündə testlərdən keçirilməsi nəzərdə tutulub. Prosessorun kütləvi istehsalına isə 2025-ci ildə start veriləcəyi planlaşdırılır.