Yaponiyanın şirkətlər konsorsiumu 6G mobil şəbəkəsi üçün nəzərdə tutulmuş ilk yüksək sürətli naqilsiz cihazı test edib. Aparılmış təcrübələr çərçivəsində məlumatların 90 metr məsafəyə saniyədə 100 Gbit sürətlə ötürülməsi mümkün olub. Bu isə 5G mobil şəbəkəsinin maksimal sürətindən 10 dəfə daha yüksək bir sürətdir. Saniyədə 100 Gbit sürət çərçivəsində HD formatlı 5 ədəd filmi 1 saniyəyə ötürmək olar. Almaniyanın Statista adlı şirkətinin sözlərinə əsasən bu, ABŞ-ın T-Mobile operatorunun 5G şəbəkələrindəki orta sürətdən 500 dəfə daha sürətlidir.
     Yaponiyanın şirkətləri tərəfindən aparılmış təcrübələrin nəticələri onu göstəriblər ki, naqilsiz 6G cihazı saniyədə 100 Gbit sürəti qapalı məkanda 100 GHz-lik diapazondan istifadə edərək, açıq mühitdə isə 300 GHz-lik diapazondan istifadə edərək təmin edib. Məlumata əsasən sözügedən cihazın testləri 100 metr hündürlükdə aparılıb. Qeyd etmək lazımdır ki, 5G şəbəkəsinin kommersiya məqsədli istifadəsinə 2019-cu ildə start verildi.
     Bu şəbəkə standartı hal-hazırda ən aktual şəbəkə standartıdır və o, günümüzdə bir çox smartfonda dəstəklənir. ABŞ-ın T-Mobile operatorunun 5G şəbəkələrində 5G qoşulmanın ortalama sürəti saniyədə 204.9 Mbit təşkil edir. Nəzəri cəhətdən isə 5G-nin maksimal sürəti saniyədə 10 Gbit-ə çata bilər. Bəzi ölkələrdə 5G şəbəkə əhatəsi ideal vəziyyətdə olmasa da mütəxəssislər artıq növbəti nəsil şəbəkə standartı üzərində çalışırlar. 6G üçün nəzərdə tutulmuş infrastruktur hələ hazırlanma mərhələsindədir və onun kommersiya məqsədli istifadəsi növbəti onillik üçün nəzərdə tutulub.